100 vacib sual | 4. Fal gələcəyi göstərə bilərmi?

100 vacib sual | 4. Fal gələcəyi göstərə bilərmi?
  27 May 2014    Oxunub:42854
AzVision.az `100 vacib sual` rubrikasında Azərbaycan insanını düşündürən 100 əsas sualı seçərək, onları uyğun sahələrin bilicilərinin köməyi ilə cavablandırmağa çalışır. Suallar bütün mövzulara və sahələrə aid olacaqlar.

Əvvəlki suallar bunlar olmuşdular:


1. Həyatın mənası nədir?
2. Ruh varmı?
3. İnsan ölümsüz ola bilərmi?

İndi isə dördüncü sualın cavabları ilə tanış olun:


Zabir Əliyev,
Lider TV-də yayımlanmış `Ekstra hiss` verilişinin aparıcısı:

- Mən fala inanmıram.

Firudin Qurbansoy, Astroloq

- Falın 200-dən çox növü var, hamısı da şeytan işləridir. Falla məşğul olan insanların hamısı günah yiyəsi olurlar. Heç bir dində fal yaxşı bir şey kimi qəbul olunmur. Ona görə də, falçılar əslində şeytanın qulluqçularıdır. Onlar nəinki gələcəyi, heç indini də görə bilməzlər. Falçının yanına gedənin 40 gün namazı qəbul olunmur.

Bir şeyi də qeyd edim ki, “ulduz falı” nın əslində falçılığa dəxli yoxdur. Bu, əlamətlərə görə insanın baş verə biləcək hadisədən xəbər tutmağıdır. Buna fal yox, `proqnozlaşdırma` deyirlər. Məsələn, həkimin yanına gedirsənsə, həkim sənin analizlərinə baxır, tutaq ki, deyir, xəstənin filan qədər ömrü qalıb. O, fala baxır bəyəm? Və yaxud da, iqtisadçı bəzi göstəriciləri biləndən sonra ölkənin iqtisadi vəziyyətinin necə olmasını deyir. Proqnoz verir ki, filan məsələlər olacaq. Hər bir elmin proqnozu var. Ona görə də, “ulduz falı” ifadəsi ilə mən barışmıram. Elmi fal səviyyəsinə endirmək olmaz.

Elmir Əkbər, Psixiatr:

- Fal gələcəyi heç vaxt deyə bilməz. Gələcək olmayan bir şeydir. Hələ olmayan bir şeyi kim, hansı məntiqlə görə bilər ki?! Ronda Bern “Sirr” adlı kitabında göstərilir ki, insan gələcəyinə necə inanırsa, gələcək o şəkildə də baş verir. Falçı da əgər insanları inandırsa ki, bu, belə olacaq, insan artıq öz gələcəyini elə proqramlaşdırmış olur.

Falçılar ancaq debillərin gələcəyini deyə bilər. Ona görə ki, debillərin həyataları az rəngli, çox maraqsız olur . Onların gələcəklərini hamı deyə bilər. Çünki onlar çox primitiv həyat yaşayırlar. Bu günlərinə baxıb, gələcəklərini demək çox asandır. İndi kim özünü debil hesab edirsə, getsin, falçıların sözü ilə gələcəklərini müəyyənləşdirsin.

Qaraçı falçıları əsrlərlə xüsusi hipnoz və ya psixoji təsir vasitələrilə insanları müəyyən bir gələcəyə inandıra biliblər. Və yaxud, keçmişdə astroloqlar guya ulduz falına baxırdılar. Görün, nə qədər absurd və axmaq bir anlayışdır... Bəzi ilduzlar min illər bundan qabaq məhv olublar, sadəcə, o qədər uzaqdadırlar ki, onların buraxdığı işıq min ildən sonra hələ indi gəlib çatır bizə. Hansısa mövcud olmayan bir ulduz yerdə insanın taleyinə necə təsir göstərə bilər? Bunlar hamısı absurddur.

Əslində uğurlu bir falçı - deyirlər e, `filankəs gələcəyi düz dedi` ,- bu, sadəcə, insanları düzgün proqramlaşıdırmağı bacaran bir fırıldaqçıdır. Orada NLP - Neyrolinqvistik Proqramlaşdırma üsullarından istifadə edirlər. Ruhi xəstəliyi olan falçıların dedikləri insanlara daha çox inandırcı gəlir. Çünki ruhi xəstələr özləri danışdıqları absurda inanırlar.


Yalçın İslamzadə, fizik, maarifçi:

- İnsanlar bütün dövrlərdə gələcəyi bilməyi arzu ediblər. Falçılıq - elmi olmayan yollarla gələcəyi bilmək təşəbbüslərinin ümumi adıdır. Onun yaranması animist təfəkkürlə əlaqədardır. Falçılıq, onunla məşğul olan ayrı ayrı şəxslərin - kahin, sehrbaz, brahmən, şaman və s. - cəmiyyətdə üstün mövqe əldə etmələrinə kömək edib. İndiki dövrdə də falçılıq gəlirli biznes sahəsidir.

Gələcəyi bildirdiyini idda edən ən “müasir”, “mürəkkəb” və “elmi” üsul isə ulduz falıdır. Ulduz falına `astrologiya` deyilir və onu inandırıcı göstərmək üçün astronomiyanın və fizikanın anlayışlarından psevdo-elmi müddəaları istifadə olunur.

Aydındır ki, falı ciddiyə almağa dəyməz, çünkü əsaslandırmaq mümkün deyil. Ulduz falı 7 milyard dünya əhalisini cəmi 12 bürcə bölür və əslində qədim dövrlərdə təsnif edilən bürclər 13 olduğundan, üstəlik, hər 26 000 ildə bürclərin “sürüşdüyündən” xəbərdar deyillər.

Astrologiyanın elmiliyi aparılmış müxtəlif sınaqlarla rədd edilir (Karlson eksperimenti, Dean və Kelly testləri, Silverman anketləri). Əslində iddialarına özləri inansalar, falçılar üçün böyük bir fürsət mövcuddur, bunun üçün testə cəsarət etmək lazımdır. Amerikadakı “James Randi” Fondu müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq (münəccimlik, telepatiya, telekinez, astral səyahət və s.) yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir.

Gələcəyi elmi disiplinlərin köməyi ilə öyrənməyə çalışan sahə isə futurologiyadır. Ancaq bu disiplin uğur qazana bilmir. Hətta yaxın gələcəyi proqnozlaşdırmağa çalışan politologiya belə tez-tez yanılır. Suriyada Əsədin hakimiyyətinə sayılı günləri qaldığı düşünüldüyü halda, bütün proses əksinə çevrildi. Bəzi dövlətlər isə dünyaya dair niyyətlərini tarixin qaçılmaz gedişi kimi ayrı-ayrı müəlliflərin adından geopolitik kəhanət kimi təqdim edirlər.

Bəs Gələcəyi təxmin etmək mümkündürmü və gələcək hansı müddətə qədər təxmin edilə bilər? Hələ ki, gələcəyi böyük dəqiqliklə sadəcə səma cisimləri və insanın yaratdığı maşınların davranışı daxilində dəqiq bilmək olur. İnsan faktoru və digər parametrlərin sayı artıqca, təxmin dəqiqliyi azalır. Real həyat ideallaşdırılmış nəzəri elmin təsəvvür etdiyindən daha qarışıqdır, daha çox parametrlər hesaba qatılmalıdır. Üstəlik, canlılar birmənalı olaraq determinist davranmırlar. Real həyat qeyri-xətti dinamikanın dünyasıdır. Bu dünyada ən inkişaf etmiş vasitələrlər belə (peyklər, kompüterlər, metereoloji cihazlar) dəqiq metereoloji proqnoz verə bilmir.

Gələcəyi qarantiya altına almağın ən doğru yolu isə bu gün insanın inkişafı və təbiətin mühafizəsi üçün edilə biləcək hər şeyi etməkdir.

Fərhad Mehdiyev, Politoloq:

- Mən fal ilə gələcəyin bilinməsi məsələsinə çox da etibarlı bir metod kimi baxmıram. Prognozlaşdırma məlumatlara və ehtimallara nəzərən aparılmalıdır. Bu, işin dünyəvi tərəfidir. Metafizik cəhətdən ynaşanda, islam dini fala baxmağı haram hesab edir. Yəni dinin özü insanları çalışmağa və cəhd etməyə sövq edir, demir ki, taleyiniz artıq yazılıb, oturun bir kənarda, heç nə etməyin. `Gələcəyiniz üçün çalışın` deyir.

`Horus Osiris Oğlu` adlı maarifçi facebook səhisənin admini:

- Əgər fal ilə gələcəyi görə bilən insan varsa, ona üç biznes təklifim var: kazino, forex, lotereya. Qısa vaxtda milyoner olmaq olar.

Dəyərli oxucular! Əgər sizin də vacib hesab etdiyiniz mövzular varsa, rubrikamız üçün təklif edə bilərsiniz.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti